REGİONLAR


NDU-da kadr hazırlığına dəstək məqsədilə “Yerquruluşu və kadastr” kabinəsi yaradılıb

Naxçıvan, 12 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində kadr hazırlığına dəstək məqsədilə “Yerquruluşu və kadastr” kabinəsi yaradılıb.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev dövlət orqanlarına hamiliyə verilən ixtisasların önəmindən söz açıb. Bildirib ki, universitetdə 75 bakalavr dərəcəsi üzrə kadr hazırlığı həyata keçirilir və bunlardan 40-dan artıq ixtisas müxtəlif dövlət müəssisələrinə hamiliyə verilib. Bu gün savadlı kadrların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması dövlət orqanları ilə səmimi əməkdaşlığın nəticəsidir. Tələbələr dərslərdə qazandığı bilikləri praktikada tətbiq etmək imkanına malik olduqları üçün gələcəkdə də həmin müəssisələrdə işləmək imkanı əldə edəcəklər.

Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ali təhsil ocağını xəritə, elmi ədəbiyyat, atlas, tədris vəsaitləri və müxtəlif cihazlarla təmin etməsi səmərəli kadr hazırlığına xidmət edir. “Yerquruluşu və kadastr” kabinəsinin yaradılması da bu amala xidmət edir. Tələbələr fəaliyyətə başlayan yeni kabinədən sərbəst işlərin, diplom işlərinin, startap layihələrinin hazırlanmasında istifadə edə bilərlər. Elbrus İsayev kabinənin yaradılmasında göstərilən xüsusi diqqətə görə hami təşkilata universitet adından minnətdarlığını bildirib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilən vəzifələrin icrası, hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, yeni yaradılan kabinə tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Kabinə tələbələrə praktiki vərdişlərin aşılanması üçün lazım olan müasir alət və avadanlıqlar, kartoqrafiya materialları və dərs vəsaitləri ilə zənginləşdirilib. Burada yerquruluşu, geodeziya, kartoqrafiya və kadastr işlərinin aparılması ilə bağlı stendlər quraşdırılıb, kadastr və inventarlaşdırma işlərinə dair müxtəlif illərdə tərtib olunan sənəd nümunələri və xidmətin nəşrlərinin nümunəsi qoyulub. Kabinədə elektron lövhə və zəruri proqram təminatı yüklənən kompüter dəsti quraşdırılıb ki, bunların xidmətlə onlayn əlaqəsi təmin edilib.

Xidmətin informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov və hüquqi ekspertiza və daşınmaz əmlakın dövlət reyestri sektorunun müdiri Hikmət Orucov xidmətdə istifadə olunan müasir informasiya sistemləri, tətbiq edilən texnoloji yeniliklər, rəqəmsal kadastr xəritəsi üzərində əməliyyatların aparılması və digər məsələlər haqqında ətraflı məlumat veriblər.

Tədbirin sonunda xidmət tərəfindən kabinəyə təqdim edilən avadanlıqlara, tədris vəsaitlərinə baxış olub.

Qeyd edək ki, tədris prosesində istifadə məqsədilə xidmət tərəfindən universitetə müxtəlif məzmunlu və miqyaslı xəritələr, qlobuslar, kompaslar, təkərli və lazerli məsafəölçənlər, elektron bucaqölçən, praktiki geodeziya ölçmələrinin aparılması məqsədilə 1 dəst GPS, 1 əl GPS-i, 1 dəst elektron taxeometr, 1 dəst nivelir hədiyyə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.