REGİONLAR
NDU-da keçirilən fakültələrarası bilik yarışmasında 10 komanda iştirak edib
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən bilik yarışmasında universitetin 10 fakültəsinin komandası iştirak edib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarışmadan əvvəl çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev və tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov viktorinanın keçirilməsində məqsədin tələbələrin asudə vaxtlarının səmərəli təşkilindən, onların dünyagörüşünün zənginləşdirilməsindən, intellektinin artırılmasından ibarət olduğunu bildiriblər.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə keçirilən viktorina üç mərhələdən ibarət olub. Tələbələrə, ümumilikdə, 35 sual təqdim edilib. Birinci və ikinci mərhələlərdə hər sualı cavablandırmaq üçün 1 dəqiqə, sonuncu mərhələdə isə 90 saniyə vaxt verilib.
Viktorinanın nəticələrinə görə universitetin iqtisad fakültəsi birinci, memarlıq və mühəndislik fakültəsi ikinci, beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə üçüncü yerə layiq görülüb.