REGİONLAR
NDU-da müasir dövrdə beynəlxalq turizmin perspektivlərinə həsr olunan onlayn konfrans keçirilib
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda keçirilən onlayn konfransda universitetin rektoru Elbrus İsayev turizmin inkişafının əhəmiyyətini qeyd edib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rektor muxtar respublikada turizmin davamlı olaraq inkişaf etdiyini və genişləndiyini bildirib, bu sektorun sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevrildiyini vurğulayıb. O diqqətə çatdırıb ki, həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu var. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır. Rektor universitetdə Turizm işinin təşkili ixtisasının açılmasının muxtar respublikada bu istiqamət üzrə kadr hazırlığına töhfə kimi dəyərləndirib.
Universitetin Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarov ölkədaxili və beynəlxalq turizmin növlərindən danışıb. Vurğulayıb ki, muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilmiş info-turlar, aparılan təbliğat işləri turistlərin sayının artmasına müsbət təsir göstərib.
Həmin kafedranın müəllimi Nigar Bababəyli bildirib ki, mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Turizm insanların asudə vaxtlarının səmərəli təşkilinə və çox sayda yeni iş yerlərinin yaradılmasına səbəb olur.
Sonra Anadolu Universitetinin Turizm fakültəsinin müəllimi İnci Oya Coşkun diqqətə çatdırıb ki, ən çox səyahət edilən ölkələr arasında Avropa ölkələri öz liderliyini qoruyub saxlayır. Vurğulanıb ki, ölkələrarası siyasi gərginlik, müharibələr turist axınına, başqa sözlə, turizmə böyük zərbə vurur. O, pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında da danışıb.
“Ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb”, - deyən Azərbaycan Turizm və Menecment Universiteti “Menecment” kafedrasının müəllimi Məsumə Əliyeva isə qeyd edib ki, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov isə vurğulayıb ki, Naxçıvanda son illərdə yaradılmış yüksək səviyyəli yol, rabitə, enerji infrastrukturu və sosial-mədəni şərait turizmin bir çox növləri üzrə geniş imkanlar yaradır.
Universitetin “Turizm və sosial mədəni servis xidməti” ixtisasının II kurs magistrantı Əfsanə İbrahimova muxtar respublikada dini və müalicə turizm ehtiyatları haqda danışıb.