REGİONLAR
NDU-da soyqırımı qurbanlarının xatirəsi yad edilib
Naxçıvan, 30 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq münasibətlər və hüquq fakültəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə əvvəlcə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxışında azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarından bəhs edib. Diqqətə çatdırıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymətdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.
Rafiq Rəhimov vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız qələbə düşmənə verilən layiqli tarixi dərsdir. O, gənc nəslə soyqırımı qurbanlarını, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağı və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağı tövsiyə edib.
Sonra NDU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Zamin Məmmədov “31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı”, Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Cabbar Məmmədov “1918-ci ildə Naxçıvanda mart soyqırımları” adlı çıxış ediblər. Çıxışlarda bildirilib ki, azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyində həkk etdiyi qanlı səhifə, bütün türk dünyası və bəşəriyyət üçün insanlıq faciəsidir.
Tədbirdə soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.