REGİONLAR


NDU-da yaradılan yeni ixtisasların perspektivləri müzakirə olunub

Naxçıvan, 23 may, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin nəzdində yeni yaradılan ixtisasların perspektivləri müzakirə olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Memarlıq və mühəndislik fakültəsində keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə perspektivlər nəzərə alınmaqla yaradılan ixtisaslardan danışıb. Qeyd edib ki, yeni yaranan ixtisaslar üzrə aparılan tələbə qəbulu prosesləri müasir dövrün tələbləri və ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. Rektor Memarlıq və mühəndislik fakültəsi nəzdində yaradılan və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb, həmin ixtisasları gələcəyin ixtisasları adlandırıb.

Bildirilib ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlıq məsələlərində, xarici ölkələrlə bağladığı müqavilələrdə sözügedən ixtisasların ikili diplom layihələrində iştirakı təmin olunub. Türkiyə universitetləri ilə bağlanılan müqavilələrə əsasən, məhz mühəndislik sahəsində ikili diplom sahəsində razılığa gəlinib və bu ixtisas üzrə təhsil alan tələbələrin Ankara və Qazi universitetlərində təcrübə keçmələri təmin olunub. Elbrus İsayev Texnopark sahəsində bu ixtisasların fəaliyyətinə geniş imkanların yaradılacağını nəzərə alaraq müəllim və tələbələrin bu sahədə məsuliyyətli olmalarını və xarici dil bilgilərinə yiyələnməyi tövsiyə edib.

Fakültənin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov çıxış edərək bu il fakültəyə tələbə qəbulu aparılacaq Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından danışıb. Müəllim və tələbələrin informasiya-kommunikasiya sahəsində xüsusi bacarıqlarının qiymətləndirilməsi haqqında məlumat verən professor qeyd edib ki, bu ixtisaslar üzrə təhsil alan tələbələr keçdikləri nəzəri biliklərlə bərabər kurs və sərbəst işlərini hazırladıqları layihələrə əsasən təqdim edirlər. Məhz bunun nəticəsidir ki, Elektronika və informasiya kafedrasının müəllimi və Robototexnika kabinəsinin müdiri Heydər Xəlilov mayın 26-29-da Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” festivalının final mərhələsində “Smart Qarabağ” layihəsi ilə iştirak hüququ qazanıb.

Sonra tələbələrə professor Cavanşir Zeynalovun elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmlərini səmərəli şəkildə öyrənilməsini təmin edən “Robototexnikanın əsasları” kitabı və hədiyyələr təqdim edilib.

Sonda Robototexnika kabinəsində tələbələrin hazırladıqları layihələrə baxış olub. Tələbələrin hazırladıqları ağıllı şkaf, avtomobillərin məsafədən səslə idarə olunması, günəşin hərəkətinə doğru günəş paneli, verilən kodlara görə obyektlərin təsvirinin alınması adlı plotter (CNC) qurğusu, yanğın vaxtı hadisənin baş verdiyi zamanı və məkanı bildirən meşələrin yanğından təhlükəsizliyinin qorunması qurğusu maraqla qarşılanıb. Bundan başqa, müəyyən zaman rejiminə müvafiq olaraq avtomatik surətdə bitkilərin sulanması və quşların yemlənməsi, avtomobil idarə edən zaman sürücülərin yatmağının qarşısını almaq üçün ağıllı eynək, gözdən əlillər üçün maneəni xəbər verən ağıllı əsa layihələri də iştirakçıların diqqətini cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.