REGİONLAR


NDU-nun Tibb fakültəsinin kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərlə görüşüb

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Təməl tibb fənləri kafedrasının kollektivi “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində olublar.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fakültənin ənənəvi olaraq keçirdiyi “Sağlam ol” layihəsinin davamı kimi tədbir gənclərə sağlam həyat tərzinin aşılanması və əhali arasında səhiyyə maarifi işinin təşkili məqsədilə keçirilib. Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbin şagird və müəllimləri iştirak ediblər.

Əvvəlcə tədbirdə II Qarabağ müharibəsində və helikopter qəzasında həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru Natiq Əhmədov təşkilatçılara minnətdarlıq edərək bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm tələbələr, həm də şagirdlər üçün böyük önəm kəsb edir.

Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qeyd edib ki, görüşün məqsədi tibb sahəsinə marağı olan şagirdlərin gələcəkdə bu sahədə təhsil almaq üçün onları həvəsləndirmək, eyni zamanda, hər kəsin bilməli olduğu ilk tibbi yardım barədə ətraflı məlumatlar verməkdən ibarətdir. Ali təhsil ocağında tibbi kadrların yetişməsi üçün müasir standartlara malik imkanların olduğunu deyən Elsevər Əsədov vurğulayıb ki, bu il ilk dəfə Hərbi tibb ixtisasına qəbul aparılıb. Artıq 10 nəfər tələbə adı çəkilən ixtisas üzrə təhsil alır.

Layihənin rəhbəri, Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva çıxışında layihə haqqında məlumat verib. Diqqətə çatdırıb ki, layihə ayda bir dəfə olmaqla, muxtar respublikanın ümumtəhsil məktəblərində həyata keçiriləcək.

Sonra Tibbi profilaktika və Tibbi ixtisası üzrə tələbələrinin “Fast food”, “Fiziki aktivliyin orqanizm üçün əhəmiyyəti”, “Cipsi”, “Uşaqlarda piylənmə”, “Coca-Cola”, “Məktəblilərin qidalanması” kimi mövzularda hazırladıqları təqdimatlara baxış keçirilib.

Üç ildir ki, davam edən “Sağlam ol” layihəsinin müəllifi, həmin kafedranın baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif ekstremal şəraitlərdə - təbii fəlakətlər, qəzalar, yanğınlar zamanı ilk tibbi yardım göstərilməsinin vacibliyini vurğulayıb. Bəxtiyar Hüseynovun rəhbərliyi altında Müalicə işi ixtisası üzrə V kurs tələbələrinin “Kliniki ölüm”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Sınıqlar” adlı ilk tibbi yardım simulyasiyaları əyani şəkildə nümayiş etdirilib.

Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva belə tədbirlərin şagirdlərin maarifləndirilməsində əhəmiyyətini qeyd edib.

Sonra rəsm sərgisinə baxış olub, şagirdlər könüllü olaraq müayinədən keçiblər.

Sonda tədbir təşkilatçılarına fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.