NDU-nun müəllimi Strasburqda keçirilən iclasda iştirak edib
AzerTAg.az
Naxçıvan, 17 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Azərbaycan Respublikasının Avropa Şurası Konqresindəki nümayəndə heyətinin üzvü qismində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin iclasında iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “İnnovativ, demokratik və dayanıqlı ucqar cəmiyyətlər üçün yeni modellər” mövzusunda debatda çıxış edən Aidə Cəlilzadə Naxçıvan Muxtar Respublikasında ucqar bölgələrdə yaşayan gənclər üçün yaradılan şəraitdən - yenidənqurma və müasir standartların tətbiqindən bəhs edib. Bu yeniliklərin, “kənd mərkəzləri”nin xidmət sahələrini genişləndirməsinin mərkəz və ucqar bölgələr arasındakı fərqin minimuma endirilməsinə hesablandığını bildirib.
Deputat “Avropa şəhər və regionlarında qadın və uşaq qaçqınların qəbulu” adlı növbəti müzakirədə “Böyük Qayıdış” proqramından, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” layihəsinin tətbiqindən və Azərbaycanın bu prosesi tezləşdirmə yolunda üzləşdiyi problemlərdən bəhs edib. Bunların sırasında partlamamış, müəyyənləşdirilməmiş minalar, çirklənmiş torpaq və çirklənmiş su kimi problemlər vardır.
Aidə Cəlilzadə Avropa Şurası Konqresi və Qırğızıstan təmsilçiləri arasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.

Xəbərin mətnində orfoqrafik səhv var