REGİONLAR
NDU-nun tələbələri üçün “Azərbaycanın dövlət bayrağı” mövzusunda açıq dərs keçilib
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında təhsil alan tələbələr üçün “Azərbaycanın dövlət bayrağı” mövzusunda açıq dərs təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva tədbirə çıxış edərək qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhunun bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapdığını bildirib. Qeyd olunub ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıbdır.
Çıxışda vurğulanıb ki, bayrağımız bu gün artıq mədəniyyətimizin beşiyi olan qədim Şuşamızda da əzəmətlə dalğalanır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Açıq dərsdə Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynovun “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusundakı çıxışı dinlənilib. Dövlət Bayrağı Muzeyinin yaradılmasından danışan Rəmzi Hüseynov bildirib ki, Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb, 2014-cü il noyabrın 17-də isə muzeyin açılışı olub. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.
Sonra vurğulanıb ki, dövlət bayrağı bir başa xalqımızın müstəqilliyini təcəssüm etdirir. Bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərib, xalqın milli mövcudluq simvolu sayılıb.
Açıq dərs zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda tələbələr Dövlət Bayrağı Muzeyinin ekspozisiyası ilə tanış olublar.