Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“NEFTÇİLƏR GÜNÜ” PEŞƏ BAYRAMININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.

        XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan ikinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamışdır.

        Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri vardır. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları “İkinci Bakı”, “Üçüncü Bakı” kimi adlandırılırdı.

        Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu.

        1970-1980-ci illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin özüllər zavodu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.       

Son illərdə neft sənayesində çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası və doktrinası irəli sürülərək dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanmışdır. Bu gün Azərbaycan Xəzər hövzəsində neft və qaz yataqlarının birgə işlənilməsi sahəsində 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard ABŞ dollarına yaxın olan iyirmi bir beynəlxalq saziş imzalayıb.

        Çox qısa müddətdə “Çıraq- 1” ilk hasilat platforması istismara verilmiş, Bakı-Novorossiysk neft kəməri bərpa edilmiş, Bakı-Supsa yeni neft boru kəməri tikilmiş, “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi nəhəng dəniz qazma qurğuları istifadəyə verilmişdir.

        Neft və qaz müqavilələri üzrə aparılan işlər artıq keyfiyyətcə yeni, həlledici mərhələyə daxil olur. Bu, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının tammiqyaslı işlənilməsi, habelə “Şahdəniz” kimi dünya miqyaslı qaz yatağının işlənilməsi, “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin və “Şahdəniz” yatağından təbii qazın ixrac boru kəmərinin tikintisi və istismara verilməsi layihələri ilə bağlı məsələlərə aiddir.

        Beləliklə, 1994-cü il sentyabrın 20-si imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.

        Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.

        Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərara alıram:

        1. Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunsun.

        2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

                                                  Heydər Əliyev

                               Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 avqust 2001-ci il     

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin