İDMAN
“NEFTÇİ”NİN İKİQAT QƏLƏBƏSİ
Mayın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilmişdir. Meydançaya ölkə çempionu – “Neftçi” və “Şəmkir” komandaları çıxmışlar.
Əsas vaxt, 90 dəqiqə, qalibi müəyyən etməmişdir. Əlavə vaxtın, 104-cü dəqiqəsində “Şəmkir”in qapıçısı Rauf Mehdiyev Rəşad Sadıqovun cərimə zərbəsini qaytarsa da, özünü yetirən Samir Abbasov topu qapıdan keçirmişdir. Şəmkir futbolçuları görüşün gedişini dəyişdirməyə səy göstərsələr də, buna nail ola bilməmişlər.
Bu mövsümdə “Neftçi” ikiqat qələbə qazanmışdır. Belə ki, Azərbaycan çempionu olan komanda həm də ölkə kubokunu aldı. Xatırladaq ki, “Şəmkir” ölkə birinciliyində gümüş medalın sahibi olmuşdur.
Hər iki klub növbəti mövsümdə Azərbaycanı Avropa kuboku yarışlarında təmsil edəcəkdir. “Neftçi” çempionlar liqasında, “Şəmkir” isə UEFA kubokunda yarışacaqdır.