İDMAN
“NEFTÇİ” BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KLUB ÇEMPİONATINDA 5-Cİ YERİ TUTMUŞDUR
Beləliklə, Yaponiyada ənənəvi, mötəbər çempionatda ilk dəfə çıxış edən Azərbaycan komandası 20 komanda arasında 5-ci olmuşdur.
Dünyanın klub çempionu adına isə Rusiyanın “Qazprom” komandası layiq görülmüşdür. İkinci yerə “Deryuginlər məktəbi”(Ukrayna), üçüncü yerə “Dinamo” (Belarus), dördüncü yerə isə “İriana” (Bolqarıstan) komandaları çıxmışlar.
Yeri gəlmişkən, oktyabrın əvvəllərində Bakıda keçirilən Dünya çempionatında da bu komandalar ümumi hesabda məhz belə ardıcıllıqla düzülmüşdülər.
Yaşlılar arasında fərdi yarışlarda Anna Qurbanova çoxnövçülüyün finalının yekunlarına görə 56,9 balla 6-cı yeri, Dinara Gimatova isə 56,8 balla 7-ci yeri tutmuşlar. Turnirin qalibi və mükafatçıları isə müvafiq olaraq 2005-ci ilin dünya çempionu Olqa Kapranova, Vera Sesina (Rusiya), Anna Bessonova (Ukrayna) olmuşlar. Yeniyetmələrin yarışında iştirak edən Zeynəb Cavadlı isə şəxsi hesabda 21,54 balla 10-cu yeri tutmuşdur. Birinci yerə Yevgeniya Kanayeva (Rusiya), ikinci yerə Mariya Yuşkeviç (Belarus), üçüncü yerə isə Mariya Boyko (Ukrayna) çıxmışlar.
İndi idmançılarımız noyabrın 3-7-də Daşkənddə keçiriləcək Dünya kuboku mərhələsinə hazırlaşırlar. Özbəkistan paytaxtına ötən il bu turnirdə bir gümüş, iki bürünc medal qazanmış Anna Qurbanova və Dinara Gimatova yollanacaqlar.