İDMAN
“NEFTÇİ” ZİRVƏNİN ÜÇ ADDIMLIĞINDA
AZƏRTAC xəbər verir ki, mayın 8-də daha üç oyunla ölkə futbol çempionatının 24-cü turu başa çatmışdır.
Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” gərgin mübarizədə “Bakı”nı 1:0 hesabı ilə məğlub etmişdir. Yeganə qolu oyunun ikinci hissəsində Samir Əliyev vurmuşdur.
Digər görüşdə “Karvan” “Simurq” üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. “Gilan” isə öz meydanında “Turan”ın qapısından bir cavabsız top keçirimişdir.
“Şahdağ”–“Gənclərbirliyi” görüşündə hesab 1:1 olarkən oyunun sonlarına yaxın hakimin qonaq komandanın qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi qərarına etiraz əlaməti olaraq “Gənclərbirliyi” klubunun oyunçuları meydançanı tərk etmişlər. Bu görüşün nəticəsi AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclasında müzakirə olunacaqdır.
Xatırladaq ki, bir gün əvvəl başa çatmış görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Qarabağ”–“Xəzər-Lənkəran” 1:4, “MKT-Araz” – “İnter”–0:2.
Çempionatın sonuna üç tur qalmış “Neftçi” 48 xalla liderliyini davam etdirir. Ona çatmağa çalışan “Xəzər-Lənkəran” 47 xalla ikinci, 42 xala malik “İnter” isə üçüncü pillədədir.