İQTİSADİYYAT
NEFT DAŞINMALARINDA GƏRGİNLİK YOXDUR
Respublika Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanın neft məhsullarının Gürcüstan ərazisindən daşınmalarında narahatçılıq yoxdur. Azərbaycandan Gürcüstan ərazisindən keçməklə əsasən dizel və təyyarə yanacaqları daşınır. Dizel yanacağı bp şirkətinin vasitəsi ilə Poti, təyyarə yanacağı isə Batumi limanlarından daşınır və hazırda orda təxminən 22 min ton iəyyarə yanacağı var. Bundan başqa biz satış istiqamətlərimizi də çevik surətdə dəyişirik. Yəni ötən ayda dizel yanacağı və benzin İrandan keçməklə daşınmışdır. Rusiya və Qazaxıstan da belə edir və öz məhsullarını daha çox İran və Mahaçqala vasitəsilə daşıyırlar. Ona görə də hələlik heç bir gərginlik yoxdur.
Qonşu respublikadakı vəziyyət Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə təsir etməyəcək. BTC kəmərinin dəhlizi hökumətlər tərəfindən təyin olunub və Acariya ərazisindən keçmir. Amma, indi Gürcüstan hökumətinin siyasi məsələlərə iqtisadiyyatdan daha çox diqqət yetirməsi müəyyən gecikmələrə səbəb ola bilər. Buna baxmayaraq, kəmərin tikintisi nəzərdə tutulduğu vaxtda başa çatdırılacaqdır.