İQTİSADİYYAT
NEFT DAŞLARINDA HƏLƏ ZƏNGİN NEFT EHTİYATI VAR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Neft daşları” yatağında 1887 nömrəli platformadan yüksək məhsuldarlığa malik 3 fontan quyusu istismara verilmişdir. Quyulardan gündə 365 ton neft hasil edilir. Yeni qazılmış 4-cü quyuda isə mənimsəmə işlərinin aparılmasına hazırlıq görülür.
Platformadan, ümumilikdə, 36 quyunun qazılması planlaşdırılır. Qazma işləri başa çatandan sonra - 2007-ci ilin birinci rübündə həmin quyular istismara veriləcək və onlardan sutkada təxminən 1000 ton neft hasil olunacaqdır.
2010-cu ilədək bu yataqda 78 quyunun qazılması üçün 6 platformanın tikilib quraşdırılması nəzərdə tutulmuşdur. “Neft daşları” NQÇİ-nin qarşısında neft hasilatının 1,5 dəfə artıraraq ildə 1,2 milyon tona çatdırmaq vəzifəsi qoyulmuşdur. Mütəxəssislərin proqnozlarına görə “Neft daşları” yatağının bu sahəsində 8 milyon ton çıxarıla bilən neft ehtiyatı vardır.