SİYASƏT
NEFT SAHƏSİNDƏ TÜRKİYƏNİ SEVİNDİRƏCƏK XƏBƏR
Bu günlərdə Bakı-Ceyhan neft kəməri ilə bağlı sevindirici bir xəbər müharibə mövzusuna aludə olmuş türk mətbuatında öz əksini tapmadı. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin və Azərbaycanın iki aydır Qazaxıstan ilə apardıqları danışıqlar nəticəsində Qazaxıstan rəhbərliyi neçə illərdir qoşulmadığı Bakı-Ceyhan kəməri ilə neft ixrac etməyə qərar verdi. Bu o deməkdir ki, artıq Qazaxıstan da Bakı-Ceyhan kəmərinə qoşulacaqdır. Beləcə Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə vasitəsilə dünya bazarına çıxarılacaqdır. Uzun müddətdir həm Türkiyədəki, həm də Bakidakı konsorsiumun tərəfdaşları olan neft şirkətlərində səslənən “təkcə Azərbaycan nefti kəməri rentabelli edə bilməz” iddiaları da qüvvəsini itirir. Azərbaycan və Qazaxıstan arasında Astanada imzalanan müqaviləyə görə, Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanından dənizin dibi ilə Bakı limanına 354 kilometr uzunluğunda boru kəməri inşa ediləcəkdir. Ancaq tikintiyə başlamazdan əvvəl Aktau limanından 10 milyon ton Qazaxıstan nefti tankerlərlə Bakıya daşınaraq, buradan neft kəməri ilə Ceyhana çatdırılacaqdır. Beləliklə, inşaat işlərinin bitəcəyi 2005-ci ilin əvvəllərində Azərbaycan və Qazaxıstan nefti birlikdə dünya bazarlarında satılmağa başlayacaqdır. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və birinci vitse-prezident İlham Əliyev danışıqlardan sonra Londonda bp-nin idarə heyətinin sədri Riçard Olverlə keçirdikləri görüşdə ona bu məsələ ilə bağlı məlumat vermişlər. Olver isə Azərbaycan və Qazaxıstan arasında neçə illərdən bəri ləngiyən bu müqavilədən məmnunluq duyduğunu bildirmişdir. İlham Əliyevin uzun müddət apardığı işlər nəticəsində Qazaxıstan və Azərbaycan arasında imzalanan sənəd, həqiqətən də, Baki-Ceyhan layihəsinin əhəmiyyətini, demək olar ki, ikiqat artırır. Beləcə Türkiyə də neft siyasəti baxımından Bakı-Ceyhan layihəsi ilə əldə etdiyi üstünlükləri iki, hətta üç qat artırmış olacaqdır. Bu hadisə Orta Asiya və Xəzər neftinin XXI əsrdə Bakı-Ceyhan xətti ilə axmasına müəyyən mənada təminat verir. ABŞ İraqdaki müharibənin ilk həftəsindən 600 neft quyusunu ələ keçirərkən, türk nefti də Qazaxıstanın imkanları ilə dünya bazarlarına daha güclü şəkildə, rəqabət sahəsində daha zəngin bir şəkildə girir. Martın 11-də Azərbaycan və Qazaxıstanın neft sahəsinin rəhbərləri arasında Qazaxıstan paytaxtında imzalanan sənədin detalları isə belədir: “Qazaxıstan Bakı-Ceyhan neft kəməri ilə ilk mərhələdə 50 milyon ton neft nəql edəcəkdir. Gələcəkdə bu miqdar iki dəfə artacaqdır”. Bu məsələ ilə bağlı verilən şərhlərdə son hadisə Qazaxıstanın Şərq-Qərb enerji dəhlizinə tam mənada qoşulması kimi qiymətləndirilir. Qazaxıstan nefti dünya bazarlarına artıq Bakı-Ceyhan kəməri ilə daşınacaqdır. Qazaxıstanın “QazMunay Qaz” şirkətinin prezidenti bildirmişdir ki, onun ölkəsinin bu kəmərə marağı Qazaxıstanın neft ehtiyatlarının zənginliyi ilə bağlıdır. Beləcə, neft sahəsində sevindirici bir xəbər aldıq. Türk dünyasının neft hasilatçıları türkdilli cümhuriyyətlərdir və onların ixracatçısı Türkiyədir. Bu sahə ilə bağlı xəbərləri gələcəkdə də yazacağıq.
“Ortadoğu” qəzeti
1 aprel 2003-cü il