Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NEFT VƏ QAZ SƏNAYESİNDƏ İDARƏETMƏ MEXANİZMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son illər Azərbaycan Respublikasının iqtisadi potensialının gücləndirilməsi istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu işlərin əsasında duran yeni neft strategiyası sayəsində respublikada müasir tələblərə cavab verən hasilat, emal və nəqletmə sistemləri formalaşdırılmış, ölkəmizin qlobal enerji təhlükəsizliyi sisteminə inteqrasiyası əhəmiyyətli dərəcədə artmışdır.

Eyni zamanda Azərbaycan Respublikası qaz idxal edən ölkədən həm qazın ixracatçısı, həm də tranzit ölkə kimi mövqelərini möhkəmləndirməkdədir. Lakin bu proses iqtisadiyyat üçün geniş perspektivlər yaratmaqla yanaşı beynəlxalq standartların tətbiqini tələb edir. Mövcud sahələrarası maneələr, paralel qurumlar sahənin kompleks şəkildə inkişaf etdirilməsində, investisiyaların cəlb edilməsində və texnoloji sistemin tam şəkildə yenidən qurulmasında müəyyən məhdudiyyətlər yaradır. Bununla bağlı idarəetmə sisteminin təkmilləşdirilməsi və itkilərin azaldılması yolu ilə səmərəliliyinin artırılması hesabına qazın nəqli və təchizatında operativ idarəetmə mexanizmləri təşkil edilməlidir.

Azərbaycan Respublikasının neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə qərara alıram:

1. Səhmləri tamamilə dövlətə məxsus olan qapalı tipli “Azəriqaz” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, “Azəriqaz” Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini və dövlət qeydiyyatına alınmasını təmin etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. bu Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi və Strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin