İQTİSADİYYAT
“NEQSOL Holding”ə daxil olan şirkət ilk dəfə ən aşağı faizlə 500 milyon dollarlıq istiqrazlar yerləşdirib
Bakı, 7 fevral, AZƏRTAC
“NEQSOL Holding”ə daxil olan Ukraynada ikinci böyük mobil rabitə operatoru “Vodafone Ukrayna” beynəlxalq kapital bazarlarında 6,2 faiz dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avroistiqrazlarının yerləşdirməsini uğurla həyata keçirib.
Holdinqdən AZƏRTAC-a bildirilib ki, yerləşdirmə 500 milyon dollar nəzərdə tutulsa da, beynəlxalq kapital bazarı iştirakçıları tərəfindən yüksək etimadın göstəricisi olaraq 3 milyard dollara yaxın məbləğdə istiqrazlara tələb olub. “Vodafone Ukrayna” şirkətinin korporativ reytinqlərinə uyğun olaraq istiqrazlara “S&P” tərəfindən “B” və “Fitch” tərəfindən “B” reytinqlərinin veriləcəyi gözlənilir.
İstiqrazların 6,2 faiz illik dərəcəsi Ukraynadan olan korporativ emitentlər arasında ABŞ dollarında ən aşağı faiz dərəcəsini əks etdirir. Emissiya məbləği Ukraynadan olan korporativ emitentlər arasında ən iri debüt yerləşdirmə məbləğinə bərabərdir.
“İstiqrazların yerləşdirilməsi “NEQSOL Holding”in və “Vodafone Ukrayna” şirkətinin inkişaf strategiyasına uyğundur. Yerləşdirilmə zamanı Ukraynadan olan korporativ emitentlər arasında ən aşağı qiymətə nail olmuşuq. Mən bütün komanda üzvlərini və tərəfdaşları bu mühüm nailiyyətlə təbrik edirəm,” - deyə “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov bildirib.
“Ən aşağı qiymətlə böyük məbləğdə istiqrazların yerləşdirilməsini “NEQSOL Holding”in yüksək beynəlxalq maliyyə, komplayens və şəffaflıq standartlarına uyğun fəaliyyətinin göstəricisi hesab edirik. Bunu fəaliyyətimizə artan inamın və marağın pozitiv göstəricisi kimi qəbul edirik. Düşünürəm ki, bu Azərbaycan və Ukrayna şirkətlərinin beynəlxalq kapital bazarlarında nüfuzunun artması baxımından böyük uğurdur,” - deyə o əlavə edib.
“İstiqrazların yerləşdirilməsi münasib şərtlərlə 5 illik müddətə planlanıb. İstiqrazların qiymətini və məbləğini bizim güclü mövqeyimizi təsdiqləyən göstərici hesab edirik. Bu yalnız “Vodafone Ukrayna” şirkəti üçün deyil, bütün Ukrayna bazarı üçün mühüm nailiyyətdir,” – deyə “Vodafone Ukrayna” şirkətinin baş direktoru Olqa Ustinova bildirib.
“Vodafone Ukrayna” şirkətinin maliyyələşdirilməsi məqsədilə qiymətli kağızların emitenti qismində “VFU Funding PLC” çıxış edib. Avroistiqrazlar İrlandiya Fond Birjasında “Euronext Dublin” kotirovka siyahısına daxil ediləcək. “Vodafone Ukrayna” şirkəti əldə edilən vəsaiti daha əvvəlki kreditin ödənişi, qalan hissəsini isə digər ümumi korporativ məqsədlərə istifadə edəcək.
“J.P. Morgan” yeganə qlobal koordinator və yerləşdirmənin birgə təşkilatçısı, “Raiffeisen Bank International” yerləşdirmənin birgə lead-meneceri və birgə təşkilatçısı, “Dragon Capital” və “ICBC Standard Bank” yerləşdirmənin birgə lead-menecerləri qismində çıxış ediblər.
“NEQSOL Holding” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərir. Holdinqin əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Holdinqə daxil şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələri əhatə edir. “NEQSOL Holding” fəaliyyətində beynəlxalq maliyyə və komplayens standartlarını əsas tutur və beynəlxalq səviyyədə əldə etdiyi müxtəlif uğurlar bunu əks etdirir.