DÜNYA
NHK telekanalı: Rusiya Prezidenti Yaponiya ilə ərazi mübahisəsini həll etmək niyyətindədir
Tokio, 10 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın keçmiş Baş naziri Yoşiro Moriyə bildirib ki, o, Yaponiya ilə ərazi mübahisəsini həll etməyi çox arzulayır.
NHK telekanalının yaydığı məlumata görə, iyulun 9-da Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Sənaye Sərgisindən sonra, axşam yeməyi zamanı V.Putin və Y.Mori müxtəlif məsələləri müzakirə ediblər.
Görüşdən sonra Y.Mori jurnalistlərə bildirib ki, o, V.Putindən Rusiyanın nəzarəti altında olan mübahisəli adalarla bağlı məsələnin həllinin və sülh müqaviləsinin imzlanmasının sürətləndirilməsini xahiş edib.
Y.Mori əlavə edib ki, Rusiya Prezidenti Yaponiyanın Baş naziri Ş.Abeni səmimi insan kimi xarakterizə edib və onunla birlikdə iki ölkə arasında müxtəlif məsələlərin həllinin mümkün olduğunu deyib.
Eyni zamanda, V.Putin bildirib ki, adaların keçmiş yapon sakinlərinin sentyabr ayında həmin əraziləri hava nəqliyyatı ilə ziyarət edə bilməsi üçün ondan asılı olan hər bir şeyi edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio