İQTİSADİYYAT
“NİKOYL” BAKIDA ELEKTRON OFİSİ YARADIR
Bakıda elektron ofisinin açılması ilə əlaqədar korporasiyanın icraçı direktoru, “Müştərilərlə qarşılıqlı münasibətlərin təşkili” biznes sahəsinin rəhbəri, bankın müşahidə şurasının üzvü, “NİKoyl – Avtobank” ASC idarə heyəti sədrinin müavini Yuri Voronin noyabrın 28-də mətbuat konfransı keçirmişdir.
Onun sözlərinə görə, elektron kommersiya biznesi “NİKoyl”un Rusiya bazarında qeyd-şərtsiz liderlərdən biri olduğu istiqamətlərdəndir. Buraya elektron kommunikasiya sistemləri, İnternet, mobil və fiksajlanmış telefoniya vasitəsilə bütün bank, sığorta və investisiya xidmətlərinin həyata keçirilməsi daxildir.
Azərbaycan Milli Məclisində yaxın vaxtlarda biznesin bu sahəsini nizama salacaq “Elektron rəqəmli imza haqqında” və “Elektron kommersiyası haqqında” qanunlar qəbul ediləcəkdir. Rusiyalı biznesmenin qeyd etdiyi kimi, “xarici biznes əmindir ki, Azərbaycanda institusional və iqtisadi islahatların sürətini və dinamikasını, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti nəzərə alaraq, yaxın vaxtlarda elektron kommersiya biznesi çoxdan gözlədiyi inkişafa nail olacaqdır”.