İQTİSADİYYAT
“NİKOYL” BANKININ AKTİVLƏRİ 2,8 DƏFƏ ARTMIŞDIR
“NİKoyl” bankının aktivləri 2,8 dəfə artmış və ilin əvvəlindəki 12,3 milyard manatdan 35 milyard manata çatmışdır. Hesablardakı qalıqlar 40 faiz artaraq, təxminən 9 milyard manat olmuşdur. Hazırda bankın minədək müştərisi vardır. Bunu AZƏRTAC-ın müxbirinə bankdan bildirmişlər. Yüksək inkişaf sürəti idarəetmə strukturunun yenidən qurulması, yeni bank məhsullarının tətbiq olunması nəticəsində təmin edilmişdir. 10 növ depozit xidmətinin tətbiq edilməsi ilə “NİKoyl”bankda əhalinin əmanətlərinin həcmi artmışdır. Depozitlər sıfır göstəricisindən 2,6 milyon ABŞ dollarınadək artmış, bunun da 95 faizi əhalinin əmanətlərinin payına düşür.
Bu ilin əvvəlinədək bank, Azərbaycan Milli Bankının lisenziya ilə fəaliyyət göstərməsinə baxmayaraq, fiziki şəxslərdən vəsait cəlb etməmişdir. Banka cəlb edilən vəsaitlərin faiz dərəcələri, müddətlərindən asılı olaraq, 6-10 faiz müəyyən olunmuşdur.