MƏDƏNİYYƏT
NİYAZİ BƏDƏLOVUN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Bakı, 24 iyul (AZƏRTAC). İyulun 24-də Muzey Mərkəzində Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlovun 100 illik yubileyi qeyd edilmişdir.
Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quluyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və başqaları N.Bədəlovun Azərbaycan kinosuna töhfələrindən danışmış, onun xidmətlərini yüksək qiymətləndirmişlər. N.Bədəlov Moskvadakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olmuşdur.
1909-cu ildə Şəkidə doğulan gələcək kinorejissor əmək fəaliyyətinə kinomexanik köməkçisi kimi başlamışdır. Moskvada təhsilini başa vurub Bakı kinostudiyasında fəaliyyətini davam etdirən gənc rejissor “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İdman”, “İncəsənət”, Mosfilmin “Novosti dnya”, “Po Strane Sovetov” kinojurnalları üçün yüzlərlə süjet çəkmiş, onlarca sənədli film yaratmışdır.
1944-cü ildə o, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaratmışdır. Yaradıcılığının ilk illərində sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak etmişdir. 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs demiş, 60-70-ci illərdə isə respublikamızda həvəskar kino hərəkatının təşkilatçılarından biri olmuşdur.
N.Bədəlov “Komsomol nəsli” (1938), “General Həzi Aslanov” (1945),” Dağlıq Qarabağ” (1948), “Məhəmməd Füzuli” (1958), “M.F.Axundov” (1962), “Hanı mənim övladlarım?” (1968), “Xalq şairi Səməd Vurğun” (1965), “Dağlarda ada” (1971), “Onun adı Serafino idi”(1974), “Estafet” (1982), “Əbədi iz” (1985), “Xəzər üzərindən körpü” (1988) və s. sənədli filmləri çəkmişdir.