NORVEÇİN AZƏRBAYCANA OLAN MARAĞI ARTIR
AzerTAg.az
Norveç Krallığının Bakıdakı səfiri Steynar Gil ölkəsinin baş naziri Kyel Maqne Bondevikin sentyabr ayında Azərbaycana nəzərdə tutulan səfəri ərəfəsində AZƏRTAC-ın müxbirinin suallarına cavab vermişdir.
SUAL: Cənab səfir, Norveç ilə Azərbaycan arasındakı siyasi əlaqələrin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
CAVAB: Münasibətlərimiz çox yaxşı səviyyədədir, siyasi sahədə müntəzəm əlaqələrimiz var. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyev 1996-cı ildə Norveçdə səfərdə olmuşdur. 2000-ci ildə xarici işlər naziri Vilayət Quliyev, bir il sonra isə baş nazir Artur Rasizadə Norveçə səfər etmişlər. Bu ilin sentyabrında isə bizim ölkəmizin baş naziri Kyel Maqne Bondevik Azərbaycana gələcəkdir. Bunu Norveçin Azərbaycana olan marağının daha da artmasının təzahürü kimi qiymətləndirmək olar. Səfərlə bağlı hazırlıq işləri görürük. Ölkələrimiz arasında yeni sazişlərin imzalanması istisna edilmir.
SUAL: Məlumdur ki, iki ölkə arasında iqtisadi əlaqələr, əsasən, neft və qaz sahəsində əməkdaşlıqdan ibarətdir. Digər sahələrdə əməkdaşlığın perspektivlərini necə görürsünüz?
CAVAB: Bildiyiniz kimi, “Statoyl” şirkəti artıq 10 ildir ki, Azərbaycanda işləyir və ölkənizdə ən böyük xarici sərmayəçilərdən biridir. Çox ehtimal ki, yaxın gələcəkdə həmin şirkət bu sahədə bp-dən sonra ikinci yeri tutacaqdır. Neft və qaz sahəsində, əsasən də avadanlıqla təchizat sektorunda 3-4 şirkətimiz də işləyir. Məlumat almışam ki, əvvəllər Azərbaycanda işləyən “Kverner” şirkəti də yenidən bu ölkəyə qayıdır.
Qeyri-neft sahəsində işlər bir qədər fərqlidir, daha çətindir. Azərbaycan hökuməti iqtisadiyyatın digər sahələrinin inkişafı üçün səy göstərir. Bu, bizim də maraqlarımıza uyğundur. Biz bununla bağlı İqtisadi İnkişaf Nazirliyi ilə, digər nazirliklərlə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatı sahəsində Azərbaycanın zəngin potensialı var. Meşə təsərrüfatı, balıqçılıq da bizim üçün maraqlı sahələrdəndir.
Azərbaycanda turizm sahəsində geniş imkanlar var. Təəssüf ki, yüksək keyfiyyətli xidmət göstərən mehmanxanaların azlığı, yolların hələlik istənilən səviyyədə olmaması bu potensialdan tam istifadə etməyə imkan vermir. Ancaq yaxşı strategiya hazırlanarsa, qısa müddət ərzində böyük işlər görülə bilər. Azərbaycan çox gözəl, rəngarəng ölkədir. Burada turizmin bir çox növünü inkişaf etdirmək olar.
SUAL: Digər sahələrdə əlaqələrimiz hansı səviyyədədir?
CAVAB: Humanitar yardım sahəsində iki təşkilatımız qaçqın-köçkünlər və aztəminatlı təbəqə üçün mikrokredit proqramları həyata keçirir. Bu, kiçik və orta biznesin inkişafı üçün bir başlanğıc kimi mühüm amildir. Ekologiya Nazirliyi ilə birlikdə Quba və Qusar rayonları arasındakı ərazidə meşənin qorunması və inkişafına dair layihə hazırlayırıq. Süd və ət məhsullarının artırılması üçün nəzərdə tutulan birgə layihələrimiz də var.
Təəssüf ki, iki ölkə arasında ticarət ağrılı yerimizdir. Bu boşluğun aradan qaldırılması üçün imkanlar axtarırıq. Azərbaycanın daha geniş bazar üçün maraq kəsb edən məhsulları var.
Mədəniyyət, xüsusilə də musiqi sahəsində kifayət qədər uğurla əməkdaşlıq edirik. Mərhum səyyah Tur Heyerdal xalqlarımızın qohumluğu haqqında nəzəriyyə irəli sürmüşdür. Bu nəzəriyyənin doğruluğunu araşdırmaq, ona qiymət vermək alimlərin işidir. Bizim üçün başlıcası həmin fikirlərin əlaqələrimizə diqqət cəlb etməsidir. Azərbaycanda işləmək, yaşamaq, insanlarla dil tapmaq bizim üçün çox asandır, bizi hər yerdə yüksək qonaqpərvərliklə qarşılayırlar.
Xəbərin mətnində orfoqrafik səhv var