İQTİSADİYYAT
NORVEÇİN NEFT FONDU 112 MİLYARD DOLLARA ÇATMIŞDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərlərdə vurğulanır ki, Norveç Şimal və Norveç dənizlərindəki kontinental şelfdə neft hasilatı sayəsində yaradılmış nadir milli sərvətə malikdir. Bu, Neft Fondudur. Hər il bir barrel neftin dövlət büdcəsində müəyyənləşdirilmiş dəyərindən artıq əldə edilən bütün vəsaitlər bu fonda köçürülür.
Fondun vəsaiti hazırda 800 milyard kronaya (təxminən 112 milyard dollara) çatmışdır. Müqayisə üçün deyək ki, ölkənin dövlət büdcəsi 650 milyard kronadır.
Fondun bütün vəsaiti banklara, qiymətli kağızlara, xarici ölkələrdə səhmlərə qoyulur və Norveçə xeyli gəlir gətirir. Fond əvvəlcə gələcək nəsillər üçün vəsait toplanması kimi düşünülmüşdü, buna görə də oradan pul götürmək, əslində, mümkün deyildir, bunun üçün stortinqin (parlamentin) xüsusi qərarı tələb olunur.
Bu Fonddan, hər halda, Maliyyə Nazirliyi tərəfindən kiçik məbləğlər şəklində istifadə edilir, lakin bu pul, ilk növbədə, pensiya təminatının artırılmasına yönəldilir.