REGİONLAR
NORVEÇLİ EKSPERTLƏR ŞƏKİNİN KƏND TƏSƏRRÜFATI İLƏ MARAQLANIRLAR
Norveç Humanitar Müəssisəsi (NHM) kiçik biznesin inkişafına kömək məqsədi ilə Şəkidə mikrokredit fondu yaratmışdır. Bu ölkənin aqrar sahə üzrə ekspertləri və NHM-in Şəki və Gəncə layihələri üzrə təmsilçiləri Şəkidə olmuş, rayonda bitkiçilik və heyvandarlıq sahələrinin inkişafı perspektivləri ilə maraqlanmışlar.
Şəki şəhər icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, norveçli ekspertlər rayonun Suçma, Bideyiz, Öryət kəndlərində və Şəki şəhərində yerli fermerlərlə görüşlər keçirmiş, bitkiçiliyi, meyvəçiliyi, heyvandarlığı inkişaf etdirməyin səmərəliliyi barədə ilkin araşdırmalar aparmışlar.
Ekspertlər fermerlərlə görüşlərin nəticələri barədə xüsusi raport hazırlayaraq Norveçdəki baş idarələrinə təqdim edəcəklər. Şəki rayonunda kənd təsərrüfatının hər hansı sahəsinin inkişaf etdirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi bu raport əsasında müəyyənləşdiriləcəkdir.