ELM VƏ TƏHSİL


“NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİNDƏ DƏ XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏYİK”

BU FİKİR DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT

UNİVERSİTETİNDƏ KEÇİRİLMİŞ TOPLANTIDA VURĞULANMIŞDIR

Avqustun 19-da Dövlət Mədəniyyət və İncəsənət Universitetində ölkəmizdə növbəti prezident seçkiləri ilə əlaqədar “Yeni Azərbaycan naminə” mövzusunda toplantı keçirilmişdir.

Universitetin rektoru, professor Timurçin Əfəndiyev toplantını açaraq demişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin yaranması, möhkəmlənməsi və beynəlxalq aləmdə tanınması xalqımızın müdrik oğlu, Prezident Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Son 10 ildə respublikada qazanılmış nailiyyətləri konkret faktlarla diqqətə çatdıran rektor qarşıdan gələn prezident seçkilərində də xalqımızın düzgün seçim edəcəyinə, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin namizədliyini dəstəkləyəcəyinə və ona səs verəcəyinə inamını söyləmişdir.

Sonra kulturologiya fakültəsinin dekanı, professor Ələkbər Məmmədovun “Qələbə Heydər Əliyevin olacaq”, kafedra müdiri, xalq artisti, professor Canəli Əkbərovun “Qarşıdan gələn prezident seçkiləri ərəfəsində - Sənin xalqın, Sənin Vətənin, Sənin Prezidentin” , dosent Xaləddin Sofiyevin “Hər bir səs həlledicidir”, kafedra müdiri, dosent İsaq Cəfərovun “İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır”, tələbə həmkarlar təşkilatının sədri Səyavuş Məhişovun “Gənclərin seçimi Heydər Əliyevdir”, kafedra müdiri, professor Ramiz Ağayevin “Sağlam düşüncə, sağlam fikir naminə” mövzularında məruzələri dinlənilmişdir.

Məruzəçilər Prezident Heydər Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticələrindən, Azərbaycanda elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafında dövlətimizin başçısının əvəzsiz xidmətlərindən danışmışlar. Azərbaycan Respublikasının Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevin beynəlxalq aləmdə böyük nüfuz qazandığını, onun Prezident Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğulamışlar.

Toplantı iştirakçıları növbəti prezident seçkilərində də müstəqilliyimizin təminatçısı, bütün həyatını və fəaliyyətini xalqımızın xoşbəxtliyinə və səadətinə həsr etmiş qüdrətli dövlət xadimi Heydər Əliyevin namizədliyini dəstəkləyəcəklərini və yekdilliklə ona səs verəcəklərini bəyan etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.