SİYASƏT
NÜMAYƏNDƏ HEYƏTİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
Respublikamızda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Nizar Mədəni və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri mayın 19-da Şəhidlər xiyabanını ziyarət etmişlər.
Qonaqlar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Şəhidlər xiyabanında nümayəndə heyətini Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı və Xarici İşlər Nazirliyi ikinci ərazi idarəsinin rəisi Şahin Abdullayev müşayiət etmişlər.