MƏDƏNİYYƏT
“NUR” ŞİRKƏTİ MÜSABİQƏNİN QALİBİDİR
Məlumat verildiyi kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən Bakı Şəhər Telefon Rabitəsi İstehsalat Birliyinin idman-sağlamlıq kompleksinin satışı üzrə investisiya müsabiqəsi keçirilmiş, müsabiqə komissiyasının yekun qərarına əsasən “Nur” şirkəti müsabiqənin qalibi elan olunmuşdu.
Iqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti və “Nur” şirkəti arasında Bakı Şəhər Telefon Rabitəsi İstehsalat Birliyinin idman-sağlamlıq kompleksinin investisiya müsabiqəsində satışı üzrə alqı-satqı müqaviləsi imzalanmışdır.
Müqaviləyə əsasən, “Nur” şirkəti dövlət büdcəsinə 120 milyon manat köçürməli və 3,5 min ədəd dövlət özəlləşdirmə çekini İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim etməlidir.
Müsabiqə qalibinin təqdim etdiyi investisiya proqramına əsasən, idman-sağlamlıq kompleksinin inzibati binasının əsaslı təmiri, yenidən qurulması və bərpası, tribunaların, tennis kortunun və trenajor zalının tikintisi və s. işlərə 12 ay ərzində 732 milyon manat həcmində investisiya qoyuluşu planlaşdırılır.
Idman-sağlamlıq kompleksinin fəaliyyəti tam bərpa olunduqdan sonra kompleksdə yeni iş yerlərinin açılması, işçilərin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, əhalinin aztəminatlı kateqoriyalarının kompleksin xidmətlərindən güzəştli qiymətlərlə istifadə etməsinə şərait yaradılması nəzərdə tutulmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti