SİYASƏT
NÜVƏ SİLAHLARININ QADAĞAN EDİLMƏSİ ÜMUMBƏŞƏRİ XARAKTER ALMALIDIR
Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalaq əməkdaşlığa dair seminarın Bakıda keçirilməsini yüksək dəyərləndirən xarici işlər naziri Vilayət Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan 1999-cu ildə nüvə silahlarının tam qadağan olunması ilə bağlı müqaviləyə qoşulmuş və Milli Məclis sənədi ratifikasiya etmişdir. Bu seminarı Bakıda keçirməklə biz nüvə silahlarının tam qadağan olunması prosesinə öz töhfəmizi vermək istəyirik. Təəssüflər olsun ki, bir sıra böyük dövlətlər müqaviləyə qoşulmurlar. Təşkilatın və bizim əsas məqsədimiz odur ki, dünya dövlətləri mümkün qədər tez bir zamanda bu müqaviləyə qoşulsunlar, nüvə silahlarının tam qadağan edilməsi ümumbəşəri xarakter alsın.
Təşkilatın icraçı katibi Volfqanq Hoffmannla görüşdə bildirdim ki, region çox həssas, risklərlə doludur, burada həllini tapmayan münaqişələr, təhlükəsizlik sistemi kifayət qədər möhkəm olmayan AES, nüvə silahının yaradılmasına can atan dövlətlər vardır. Azərbaycan bu risklərə baxmayaraq, müqaviləyə qoşulmuşdur və region dövlətlərini də eyni addımı atmağa çağırır.