NYU-ARK VƏ GƏNCƏ ŞƏHƏRLƏRİ QARDAŞLAŞDILAR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-dakı Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və İstanbuldakı Azərbaycan diasporunun fəal üzvü İbrahim xan Xoyski Azərbaycana səfərlərinin məqsədi ilə bağlı aprelin 1-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirmişlər.
Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, Milli Təhlükəsizlik Komitəsinin ilk sədri Nağı Şeyxzamanlının nəvəsi olan Tomris Azəri demişdir ki, Vətənə gəlişindən məqsəd Azərbaycanın milli təhlükəsizlik orqanlarının 85 illik yubileyi mərasimlərində işirak etmək, eləcə də Gəncə və Nyu-Ark şəhərləri arasında qardaşlaşma protokolunu imzalamaq olmuşdu. Hər iki şəhərin qardaşlamasına dair imzalanmış sənəd Gəncənin iqtisadi, mədəni inkişafı ilə yanaşı, ABŞ-da Azərbaycan həqiqətlərinin yayılmasına və tanınmasına səbəb olacaqdır. Yaxın vaxtlarda Azərbaycanın və ABŞ-ın digər şəhərləri arasında da belə sənədlərin imzalanacağı gözlənilir.
İbrahim xan Xoyski isə demişdir ki, onun atası Adil, Fətəli xan Xoyskinin qardaşı, anası Mahrux xanım isə Gəncə xanı Cavad xanın nəvəsidir. Səfərdən məqsəd ata-baba yurdunu ziyarət etməkdir.
Hər iki qonaq azərbaycanlıların birləşməsi istiqamətində ölkəmizdə görülən işlərdən razılıqla danışmışlar. Onlar diasporumuzun bugünkü inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd etmişlər. Soydaşlarımız diasporumuzun birləşməsi və inkişafı istiqamətində öndərimiz Heydər Əliyevin qoyduğu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini yüksək qiymətləndirmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var