SİYASƏT


“N” saylı hərbi hissədə milli ordunun 100 illik yubileyi münasibətilə bayram tədbiri keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təşəbbüsü və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə ön xətdə yerləşən “N” hərbi hissədə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Suraxanı rayon təşkilatının bir qrup fəal üzvü hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olublar, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Qonaqları müşayiət edən polkovnik Elşad Əbilov bildirib ki, ordu quruculuğundakı uğurlar hamımızın gözü önündədir. Bütün bunlar – Azərbaycan Ordusunun gücünün, döyüş əhval-ruhiyyəsinin artırılması, müasir hərbi texnika ilə təchiz olunması, əsgərlərin, hərbi qulluqçuların məişət şəraitinin yüksəldilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.

Əsgər yeməkxanasında keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Əlamətdar bayram münasibətilə təşkil edilən konsert proqramına görə minnətdarlığını ifadə edən polkovnik Elşad Əbilov bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək daha da qüdrətlənir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu vurğulayan polkovnik E.Əbilov deyib: “Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlətimizin başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu da yüksək səviyyədədir. Azərbaycanın möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu var. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd edib ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider tərəfindən işlənib hazırlanmış mükəmməl siyasi islahatlar strategiyası müstəqil Azərbaycanın dünyanın aparıcı dövlətləri arasında nüfuzunun yüksəlməsinə zəmin yaratdı.

Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla davam etdirildiyini xüsusi vurğulayan Vüqar Seyidov bu sahədə qazanılan nailiyyətlərin qürur hissi doğurduğunu bildirib.

Sonra Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində hərbi qulluqçularımıza uğurlar diləyən təşkilat sədri bildirib ki, dövlətimizin müstəqilliyi onların sayəsində əbədi, sarsılmaz, dönməz olacaq və Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə milli kimliyimiz olan bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq.

Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit YAP Suraxanı rayon təşkilatı tərəfindən mükafatlandırılıb, hərbi hissəyə televizor və kitablar hədiyyə edilib.

Rəsmi hissədən sonra gənc müğənnilər Nurlan Namazov, Fərhad Xəlil, Mehman Manafov, Günay Əzimova, Ramil Nabran və başqalarının ifasında şəxsi heyət üçün hazırlanmış konsert proqramı ilə tədbir davam edib.

Sonda qonaqlar təşkil olunmuş tədbirə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.