MƏDƏNİYYƏT


“Nabat” filmi “Oskar” mükafatına təqdim olunub VİDEO

Bakı, 10 oktyabr (AZƏRTAC). Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirilib ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə distribütoru “Dreamlab Films”dir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir.

Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.