REGİONLAR


Nabran istirahət zonası turistləri qarşılamağa hazırdır

Xaçmaz, 30 iyun, Elxan Yusifli, AZƏRTAC

Altmışdan çox turizm obyektinin fəaliyyət göstərdiyi Nabranda çimərlik mövsümü iyunun ikinci ongünlüyündən start götürüb. Bu il payız-qış mövsümündə ölkəyə gələn turistlərin sayındakı artımın yay mövsümündə də müşahidə olunacağı gözlənilir. Ölkəmizin böyük turizm potensialına malik bölgələrindən olan Nabran istirahət zonası yay mövsümündə yerli həm də əcnəbi qonaqları qarşılamağa hazırdır.

Nabranda istirahət üçün nə qədər pul lazımdır?

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövsümün əvvəlində Nabran çimərliklərinə daha çox yerli turist gəlir. Burada ev kirayələmək istəyən qonaqlar Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin xidmətlərindən yararlana bilərlər. Mərkəzdə Xaçmazda fəaliyyət göstərən turizm obyektləri ilə yanaşı, evini kirayə verən şəxslər barədə də məlumatlar toplanılıb.

Xaçmazın rayon mərkəzində hazırda dörd otel fəaliyyət göstərir. Bu otellərdə iki nəfərlik nömrələrdə bir gün qalmaq üçün 30 manat ödəmək lazımdır. Nabran turizm zonası istiqamətində yerləşən istirahət mərkəzlərində isə qiymətlər bir qədər yüksəkdir. Turizm obyektlərindəki kotteclərin bir günlük qiyməti 50 manatdan başlayır. Qiymətlər kotteclərin komfortundan və təqdim olunan əlavə xidmətlərdən asılı olaraq dəyişir.

Nabrandakı turizm obyektlərindən birinin əməkdaşı Fuad Dadaşov bildirir ki, onlarda iki nəfər üçün bir günlük istirahət 120 manat təşkil edir. Bura komfortlu kottecdə gecələmə, gün ərzində 3 dəfə yemək, aquapark, hovuz, diskoteka və 20-dən çox başqa əyləncələrdən pulsuz istifadə də daxildir. “Bundan əlavə hər bir turist bizim istirahət mərkəzinə 10 manat ödəməklə daxil olub gün ərzində aquapark, hovuz və başqa əyləncələrdən yararlana bilərlər. Bu xidmətdən adətən Nabrana bir günlük dincəlməyə gələnlər istifadə edir”, - deyə F.Dadaşov bildirib.

Bəzi turistlər buradakı müasir tələblərə cavab verən istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi şəxslərə məxsus evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olması və ev sahibləri tərəfindən turistlərə ödənişsiz bələdçilik xidmətlərinin təklif olunmasıdır. Günü 30-40 manata təklif olunan belə evlər əsasən, Nabran və Müqtədir kəndlərində yerləşir. Evlərin kirayə qiymətləri turistin evdə qalma müddətindən asılı olaraq dəyişir. Otellərdə isə qiymət nisbətən baha olsa da, turistlərə təqdim olunan xidmətlərin çeşidi və keyfiyyəti də yüksəkdir.

Səkkiz yeni turizm marşrutu yaradılıb

Nabran istirahət zonasına yerli və xarici turistləri cəlb etmək üçün 8 yeni turizm marşrutu müəyyənləşdirilib. Xaçmaz Turizm İnformasiya Mərkəzi tərəfindən tərtib olunan yeni turizm marşrutları Nabran istirahət zonası ilə yanaşı, bütün Xaçmaz ərazisini, eləcə də qonşu rayonları əhatə edir. Xaçmaza gələn qonaqlara, eyni zamanda, Quba, Qusar, Şabran və Xızı rayonlarına da səyahət imkanı yaradılır. Bu marşrutlar üzrə səyahətə çıxan turistlər əsrarəngiz təbiət mənzərələri ilə yanaşı, tarixi abidələr və digər maraqlı məkanlarla da tanış olmaq imkanı qazanır. Mərkəz tərəfindən turistlərə balıqçılıq turları da təklif olunur.

Nabranla yanaşı Niyazoba çimərlikləri cəlbedici olacaq

Nabran istirahət zonasında yeni nümunəvi çimərliklərin fəaliyyətə başlaması istiqamətində iş aparılır. Bu çimərliklərdən biri dövlət, biri isə özəl istirahət müəssisələri kimi fəaliyyət göstərəcək. Bu çimərliklər beynəlxalq standartlara cavab verəcək.

Xaçmaz Turizm İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov bildirir ki, gələcəkdə Nabranla yanaşı Xaçmazın Niyazoba çimərliklərinin də turistlər arasında tanınması üçün iş aparılır. Burada da yeni infrastruktur layihələrinin icrası və yeni turizm obyektlərinin inşası nəzərdə tutulub. Hazırda Niyazoba çimərliyi yerli sakinlər arasında populyar olsa da burada yüksək səviyyəli istirahət mərkəzləri və xidmət sahələri fəaliyyət göstərmir.

Nabran çimərliklərində dəniz suyunun tərkibi yoxlanılıb

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Nabran eləcə də digər istirahət zonalarında dəniz suyunun tərkibinin müayinəsi həyata keçirilib. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib. Bu çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.

İnfrastruktur layihələrinin icra olunması turistləri ilboyu cəlb etməyə imkan yaradacaq

Xaçmazın turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işləri yekunlaşmaq üzrədir. Nabran da daxil olmaqla, turizm zonasına yaşayış məntəqəsinin qazlaşdırılması işləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilir. İşlər başa çatdıqdan sonra Nabran-Yalama istiqamətindəki 19 yaşayış məntəqəsində, ümumilikdə, 2 minə yaxın abonent təbii qazdan istifadə edəcək.

İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda, demək olar, əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Amma yaxın günlərdə bu çətinliklər arxada qalacaq.

Bununla yanaşı 2015-ci ilin dekabr ayında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində 35/10 kilovoltluq yeni, müasir avadanlıqlarla təchiz olunan yarımstansiya istifadəyə verilib. Yarımstansiyanın inşa olunması Nabran istirahət zonasında və ətraf yaşayış məntəqələrində həm əhalinin, həm də ərazidə fəaliyyət göstərən çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi dönüş yaradıb. Yeni inşa olunan yarımstansiya Nabran turizm zonasındakı istirahət mərkəzinin elektrik təchizatının yaxşılaşdırılmasında böyük rol oynayır.

Nabranda infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilən turizmin inkişafına öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.