REGİONLAR
Nabranda istirahət mərkəzlərinin ərazisində səyyar kitabxana xidməti təşkil edilir
Xaçmaz, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nabran istirahət zonasındakı turizm mərkəzlərində “Açıq kitabxana” layihəsi çərçivəsində səyyar kitabxana xidməti təşkil edilir.
AZƏRTAC xəbər verir ki, turistlərin asudə vaxtını səmərəli təşkili məqsədilə keçirilən aksiya böyük maraqla qarşılanıb.
Layihəyə əsasən kitabxanadakı müxtəlif mövzulu nəşrlər istirahət mərkəzlərinin ərazisində sərgilənir. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.
“Açıq kitabxana” layihəsi çərçivəsində oxucular Xaçmaz rayon Mərkəzi Kitabxanasına yeni gətirilən ədəbiyyatlarla da tanış olublar. Belə nəşrlərin sayı 400 nüsxədən çoxdur.
Aksiyanın əsas məqsədi əhalinin asudə vaxtının səmərəli təşkilinə yardımçı olmaq və kitablara maraq oyatmaqdan ibarətdir.
Üç minə yaxın oxucusu olan Xaçmaz rayon Mərkəzi Kitabxanasının fondunda 45 mindən çox kitab var.