REGİONLAR
Nabranda itkin düşən 3 yaşlı uşağın axtarışlarına şəxsi heyətlə yanaşı, xüsusi təlim keçmiş itlər də cəlb olunub VİDEO
Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır
Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Nabrandakı istirahət mərkəzlərinin birində itkin düşən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhər sakini olan 3 yaşlı İsmayıl Novruzov iyulun 22-də günorta saatlarında itkin düşüb.
Valideynlərinin sözlərinə görə, meşəlik ərazidə yerləşən istirahət mərkəzində dincələn zaman uşağın yanlarında olmadığını görüblər. Ətrafa baxış zamanı İ.Novruzov tapılmayıb. Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib.
Ailənin tək övladı olan İsmayıl Novruzovun itkin düşdüyü istirahət mərkəzi dəniz sahilindən təxminən 300 metr aralıda yerləşir.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.