SİYASƏT
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir
İstanbul, 23 sentyabr, AZƏRTAC
Mən Azərbaycanın ən gənc millət vəkili və Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Mustafa bəy Vəkilovun oğluyam. Atamın Azərbaycan üçün xidmətləri barədə mətbuatda və nəşrlərdə bir çox məlumatlar var. Hələ də onun haqqında filmləri izləmək olar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbulda ilk Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalının təqdim edilməsi mərasimində Nadir Vəkiloğlu bildirib.
O, deyib: “Azərbaycanın çətin zamanlarında o qərarları vermək və baş qaldırmış üsyanları basdırmaqda Mustafa bəy Vəkilovun çox böyük əməyi var. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dağıldıqdan sonra atam Türkiyəyə gəlib və fəaliyyətini burada davam etdirib. O, son nəfəsinə kimi Türkiyədə yaşayan azərbaycanlılara arxa olub. Atam vəfat edəndə mən çox balaca idim. Əfsuslar olsun ki, bu hadisələr barədə ondan məlumat ala bilmədim. Hazırda Mustafa bəy Vəkilovun adına olan medal mənə təqdim edilib. Bu çox qürurverici haldır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul