CƏMİYYƏT
Nadir Zeynalov: Beynəlxalq tərəfdaşlarla həyata keçirdiyimiz layihələr səhiyyəmizin təkmilləşdirilməsi üçün vacibdir
Bakı, 30 sentyabr, AZƏRTAC
İlkin səhiyyə xidməti təcili və təxirəsalınmaz halları istisna etmək şərtilə vətəndaşların sağlamlıq problemləri ilə bağlı müraciət etdikləri ilk tibbi xidmət növüdür.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, ilkin səhiyyə xidməti vətəndaşların xəstəxanalara getmədən, daha qısa zamanda sağlamlıq problemlərini həll etmək imkanı yaradır: “Eyni zamanda, bu xidmətin profilaktik işinin rolu böyükdür. Müxtəlif xəstəliklərin qarşısının alınmasında, o cümlədən peyvəndlənmə prosesində böyük əhəmiyyəti var. İlkin səhiyyə xidmətinin vacibliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən vurğulanıb. Xidmətin köməkliyi ilə xəstələr daha az xərclə, genişmiqyaslı nəticələr əldə edir”.
Ölkəmizdə ilkin səhiyyə xidmətinin şəhər poliklinikaları, ailə sağlamlıq mərkəzləri, kənd həkim və kənd tibb məntəqələri tərəfindən həyata keçirildiyi barədə məlumat verən N.Zeynalov deyib: “Bu sahədə beynəlxalq tərəfdaşlarla bərabər həyata keçirdiyimiz layihələr səhiyyəmizin təkmilləşdirilməsi üçün vacibdir. ÜST-nin Azərbaycandakı nümayəndəliyi ölkəmizdə keçirəcəyi müxtəlif layihələr çərçivəsində ilkin səhiyyə xidmətinə böyük töhfələr verir. Bu vətəndaşlara daha yüksək keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradır.
Beynəlxalq təcrübədən istifadə etməklə biz, eyni zamanda, ölkə ərazisinin ucqar bölgələrində də ilkin səhiyyə xidmətinin inkişafını təmin edəcəyik”.