“Nadir genetik xəstəliklərə multidissiplinar yanaşma” mövzusunda konfransın ilk günü sona çatıb
AzerTAg.az
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Azərbaycan Pediatrlar Cəmiyyəti, K.Y.Fərəcova Elmi Tədqiqat Pediatriya İnstitutu və Milli Nevroloqlar Assosasiyasının birgə təşkilatçılığı ilə “Nadir genetik xəstəliklərə multidissiplinar yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC Elmi Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, keçirilən tədbirin açılışı institutun direktoru Allahverdi Musayevin nitqiylə başlayıb. Çıxış edən direktor bugünkü konfransın məqsədinin nadir genetik xəstəliklər zamanı müasir aktual problemlərin həlli istiqamətində bilik və bacarıqları səfərbər etmək olduğunu bildirib. Son illərdə genetik mutasiyalar nəticəsində meydana çıxan spinal əzələ atrofiyası (SMA), düşən əzələ distrofiyası, mukopolisaxaridozlar kimi nadir irsi xəstəliklərin artmasından söz açıb. Daha sonra Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri professor Aytən Məmmədbəyli, Baku Medical Plaza xəstəxanasının neonatologiya və pediatriya şöbəsinin müdiri Erkin Rəhimov çıxış ediblər.
Konfransda nevrologiya, pediatriya sahəsində çalışan yerli və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər də iştirak edib. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Xəbərin mətnində orfoqrafik səhv var