REGİONLAR
Naftalan məktəbliləri cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əmindirlər
Naftalan, 26 mart, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 26-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalanın mərkəzində tur-aksiya iştirakçılarının Lənkəran-Masallı-Astara istiqamətində yolasalma mərasimi keçirilib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə qeyd edilib ki, iştirakçılar tur-aksiya çərçivəsində Lənkəran rayonunda “Qoşaqala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Həmçinin tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcəklər.
Məktəblilər Lənkəran, Masallı, Astara rayonlarından zəngin təəssüratlarla qayıdacaqlarına əminliklərini bildiriblər.
Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.