REGİONLAR
Naftalan məktəbliləri şimal bölgəsinin iqtisadi və mədəni inkişafı ilə yaxından tanış olacaqlar
Naftalan, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naftalan məktəbliləri şimal bölgəsinə yola düşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov şagirdlərə tur-aksiyanın məqsədi barədə məlumat verib. Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışan Rövşən İbrahimov bu kimi turların təşkilinin həmin tədbirlər çərçivəsində həyata keçirildiyini vurğulayıb.
Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası üçün şəhərin ümumtəhsil məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 19 şagird seçilib. Şəhər icra hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti müəyyənləşdirilib.
İştirakçılar tur-aksiya çərçivəsində Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, xalçaçılıq emalatxanası, Tağlı körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.
Görüşdə çıxış edən valideynlər və müəllimlər məktəblilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına tər gül-çiçək dəstələri düzən şagirdlər xüsusi avtobusla Quba rayonuna yola düşüblər.