REGİONLAR
Naftalan şəhərində Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
Naftalan, 12 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Naftalan Şəhər İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı - baş məsləhətçi Möhübbət Bədəlov qeyd edib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi ilə əlaqədar keçirilən tədbirdə təsis olunub.
Bildirilib ki, bu gün Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır. Ölkəmizdə bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Məhz dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilib.
Tədbirdə “Azərbaycanda multikultural və tolerant dəyərlər” mövzusunda məruzə ilə çıxış edən Gəncə Dövlət Universitetinin dosenti Cavid Bağırzadə qeyd edib ki, İslam dini tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır. Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir. Bu anlayış digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq, həmçinin insan hüquqları və vicdanla sıx bağlıdır. Çünki dözümlülük insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Bu cür yanaşmanın zəif olması mənfi təzahürlərin güclənməsinə təkan verir. Buna görə də tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.