REGİONLAR
Naftalan şəhərinin yeni turizm brendinin tətbiqi müzakirə edilib
Naftalan, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanda müalicə-sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən olan kurort şəhəri Naftalanın daha da müasirləşməsi, əhalinin, yerli və xarici turistlərin rahatlığının təmin edilməsi istiqamətində işlər davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşları ilə Naftalan Şəhər İcra Hakimiyyətində görüş olub.
Görüşdə Naftalan şəhərinin yeni turizm brendinin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb, araşdırma məqsədilə bir sıra məsələlər müzakirə edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilir. Bu istiqamətdə Naftalan şəhərinin də turizm sektorunu inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər görülür.
Vurğulanıb ki, şəhərin infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana marağını postpandemiya dövründə daha da artıracaq.
Sonra qonaqlar Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyası layihəsinə uyğun olaraq şəhərdə turizm informasiya mərkəzinin və velosiped üçün dayanacağın tikintisi ilə tanış olublar.