REGİONLAR
Naftalanda Milli Qurtuluş Günü qeyd edilib
Naftalan, 15 iyun, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun xanımı Rübabə Aslanova, hüquq-mühafizə orqanlarının, şəhərin idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Şəhər icra hakimiyyətinin binasında davam edən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
İcra başçısı əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb.
V.Novruzov Vətən müharibəsində qazanılan tarixi Qələbədən də danışaraq bildirib ki, dünya müstəqil Azərbaycanın qüdrətini Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə aydın gördü.
Çıxış edən digər natiqlər qeyd ediblər ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edərək, qazandığı uğurlarla dünyada söz sahibi olan güclü dövlətə çevrilib.
Sonda məktəblilərin ifasında “Milli Qurtuluş Günü Azərbaycanın xilas günüdür” mövzusunda ədəbi-bədii kompozisiya dinlənilib.
Şəhər icra hakimiyyəti tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bir qrup iştirakçı fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.