REGİONLAR
Naftalanda atəşfəşanlıq təşkil olunub
Naftalan, 8 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində qız övladının dünyaya gəlməsi, bununla da ölkəmizdə əhalinin sayının 10 milyona çatması respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də sevinclə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə Naftalan şəhərində bayram tədbiri keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər icra hakimiyyətinin nümayəndələri, idarə, təşkilat, müəssisə rəhbərləri, şəhər ictimaiyyəti, yerli və xarici qonaqlar iştirak ediblər.
Əvvəlcə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səməd Vurğun adına parkda ağacəkmə kampaniyası təşkil olunub. Kampaniyada iştirak edənlər parkda 500-ə yaxın Eldar şamı əkiblər.
Sonra tədbir Heydər Əliyev Meydanında konsert proqramı ilə davam edib. Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun şən mahnıları alqışlarla qarşılanıb. Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımovanın ifası tədbirə toplaşanlarda xoş ovqat yaradıb.
Əsl bayram əhval-ruhiyyəsi yaşanan tədbirin sonunda atəşfəşanlıq olub.