REGİONLAR
Naftalanda düşmənin raket atəşi nəticəsində ziyan dəymiş tikililərin təmir-bərpası davam edir
Naftalan, 25 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin artilleriya və ballistik raketlərlə atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində Naftalanda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş 1 ev tikilir, 2 tikili üzrə isə təmir-bərpa işləri yekunlaşıb.
Naftalan rayonunun Qaşaltı kəndinin sakini Bəxtiyar Qurbanovun ailə üzvlərindən 5 nəfər Ermənistanın müharibə cinayətinin qurbanı olub. “Erməni terroru nəticəsində atam, anam, qardaşımın yoldaşı, oğlu və digər qardaşımın qızı şəhid oldular. Evimizə ciddi ziyan dəymişdi. Hazırda 5 otaqdan ibarət yeni ev tikilir. Göstərilən diqqət və qayğıya görə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir kəsə təşəkkürümü bildirirəm,”- deyə B.Qurbanov bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ötən il sentyabrın 27-dən başlayaraq şəhər və rayonlarımızı, mülki əhalini hədəf alması nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr cəlb edilib.