REGİONLAR
Naftalanda ictimai yerlərdə panduslar quraşdırılır
Naftalan, 7 avqust, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər bu gün də davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə şəhər ərazisində, o cümlədən Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabalarının rahat hərəkəti üçün standarta uyğun 33 pandus quraşdırılıb.
Bundan sonra daha 72 pandus quraşdırılacaq.
Bu işlər şəhərin ümumi inkişafına, vətəndaş məmnunluğuna, yerli və xarici turistlərin, eləcə də uşaq arabası ilə gəzənlərin maneəsiz hərəkətinə xidmət edir.