REGİONLAR
Naftalanda ilk dəfə “Little Free Library” açılıb
Naftalan 3 iyun, Rauf Hacıyev, AZƏRTAC
Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarından olan oxucular arasında böyük oxucu kütləsi qazanmış “Little Free Library” Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Park Hotel Naftalan”ın dəstəyi ilə artıq bu şəhərdə də sakinlərin və şəhərə gələn yerli və xarici turistlərin ixtiyarına verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabxana “www.littlefreelibrary.org” kitabxanalar reyestrinə düşərək unikal “#100833” nişanı altında fəaliyyət göstərəcək.
Bununla da ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb.
Əsas məqsədi əhali arasında mütaliə mədəniyyətini yüksəltməyə və maariflənməyə xidmət edən mini kitabxana pulsuz fəaliyyət göstərir və gün ərzində hər bir nəfər üçün nəzərdə tutulub. Əhali arasında mütaliənin sosial zərurətə çevrilməsi üçün burada hər bir oxucuya lazım olan kitabların məqsədyönlü seçilməsinə köməklik göstəriləcək.
Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı, rus, ingilis və türk dillərində də hər yaşa uyğun kitablar təqdim ediləcək.
Xatırladaq ki, “I Love Naftalan” (“Mən Naftalanı sevirəm”) adlanan həmin bölmə regionda ilk dəfə məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb.