REGİONLAR


Naftalanda keçirilən bayram tədbirində xarici turistlər də iştirak ediblər

Naftalan, 30 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naftalan şəhərində keçirilən bayram tədbirində ictimaiyyət nümayəndələri ilə yanaşı, bu şəhərdəki turizm-sağlamlıq mərkəzlərində istirahət edən xarici turistlər də iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin xaricdə yaşayan soydaşlarımız arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyib, bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.

Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

Qeyd edilib ki, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olub. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

2018-ci ildə Azərbaycan qazanılan nailiyyətlərdən danışanlar bildiriblər ki, bu ilin ölkəmizin bütün bölgələri kimi, dünyada əsasən turizm-sağlamlıq mərkəzi kimi tanınan Naftalan şəhəri və onun beynəlxalq turizm imkanlarının daha da genişləndirilməsi baxımından çox uğurlu il olub.

Tədbirdə çıxış edən xarici turistlər Naftalanda Yeni ili qəbul edəcəklərinə görə məmnunluqlarını ifadə edib və bayramlar münasibətilə mehriban və qonaqpərvər Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

İncəsənət ustalarının ifasında bir-birindən şən mahnılarla davam edən bayram konserti həm şəhər sakinləri, həm də xarici qonaqlarda xoş ovqat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.