REGİONLAR
Naftalanda şəhid ailələri və qazilərlə növbəti görüş olub
Naftalan, 16 avqust, Elcan Məmmədov, AZƏRTAC
Şəhid ailələrinə, qazilərə dövlət və cəmiyyət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Abşeron Rayon və Naftalan Şəhər İcra hakimiyyətlərinin birgə təşəbbüsünün davamı olaraq Abşeron rayonundan bir qrup şəhid ailəsi və qazi Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində müayinə olunduqdan sonra müalicəyə başlayıblar.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Müalicə Mərkəzində şəhid ailələrini və qaziləri ziyarət edib, onlara yaradılan şəraitlə yaxından tanış olub, müalicə prosesi ilə maraqlanıb. Sonra onlarla görüş zamanı şəhidlərin xatirəsi yad edilib. İcra başçısı xalqımızın birliyindən, həmrəyliyindən danışaraq qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğullarının ailələri, övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları və onların ailə üzvləri daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhid ailələri və qazilər Müalicə Mərkəzində onlara göstərilən xidmətlərdən, bu cür layihələrin təqdirəlayiq olduğundan söhbət açaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Abşeron Rayon və Naftalan Şəhər İcra hakimiyyətlərinin birgə layihəsinin davamı olaraq şəhid ailələri və qazilərin Naftalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində istirahəti və müalicəsi sosial və xeyirxahlıq missiyası çərçivəsində il ərzində davam etdiriləcək.