REGİONLAR
Naftalanda sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələr yekunlaşıb
Naftalan, 5 avqust, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq şəhərdə istilik, qaz, su-kanalizasiya təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2016-cı ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında məlumat verilib.
Bildirilib ki, görülən işlər çərçivəsində şəhərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yeraltı elektrik xətləri ilə əvəz edilib, bütün abonentlərə smartkart tipli sayğac quraşdırılıb.
Əhalinin fasiləsiz olaraq su ilə təmin olunması üçün abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılmasına başlanılıb və artıq həyətyanı fərdi yaşayış evlərində bu işlər yekunlaşıb.
Bu ilin mart ayından Naftalan Sukanal İdarəsi üçün inzibati binanın tikintisinə başlanılıb. İki mərtəbədən ibarət olacaq binanın ərazisində iki ədəd 60 kubmetrlik su çəni, bir istixana və gözətçi otağının tikintisi nəzərdə tutulub. Hazırda qeyd edilən qurğuların dəmir beton işləri tamamlanıb.
Diqqətə çatdırılıb ki, cari ildə şəhər ərazisində yeni qazlaşma, təmir-bərpa və əsaslı təmir işləri davam etdirilib. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə bütün istehlakçılara təbii qazın çatdırılması, təbii qazdan təhlükəsiz istifadə olunması və satılmış qazın dəyərinin tam ödənilməsi təmin edilib. Hər bir abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılıb. 2016-cı ilin birinci yarısında abonentlər tərəfindən suyun dəyərinin ödənilməsi 88 faiz, qazın dəyərinin ödənilməsi isə 96,2 faiz təşkil edib.