REGİONLAR
Naftalanda su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilir
Naftalan, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində şəhər əhalisinin su təchizatı və kanalizasya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan “Naftalan şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsinin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 2016-cı ilin mart ayından etibarən Naftalan Sukanal İdarəsi üçün inzibati binanın tikintisinə başlanılıb. Layihəyə uyğun olaraq bina 2 mərtəbədən ibarət olacaq. Binanın ərazisində iki ədəd 60 kubmetr su çəni, bir qazanxana və gözətçi otağının tikintisi nəzərdə tutulub.
Hazırda qeyd edilən qurğuların dəmir beton işləri tamamlanıb, digər işlər isə davam etdirilir. Tikintinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.